ZAUR USTAC: – “DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…”

x-RVTRFF_400x400

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”, qapaq qoyum üstünə,

Bütün aləm mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

* * *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

Advertisements

ZAUR USTAC: – “YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM”

BQU

YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM

On il get-gəldən sonra, axır ki, kənd məktəbindən güc-bəla canımı qurtardım. Bir xeyli avaralandıqdan sonra bu qənaətə gəldim ki, gərək mən də yekə məktəb oxuyam. Bu fikir-xəyal ilə gəldim Bakiyə… Aradım, axtardım sonda lap o yekə məktəbi tapdım. Məktəb, nə məktəb… Dağ boyda… Başı buludlara dəyir… Bu mənim lap xoşuma gəldi, məni yaman sevindirdi, əlqərəz çox xoşhal oldum… Elə doqqazdan içəri keçmək istəyirdim ki, gözüm sataşdı, sol tərəfdəki divarda olan rəsmə… Bu rəsm də çox xoşuma gəldi… Şəklə az baxmışam, çox baxmışam onu deyə bilmərəm… Şəkil də nə şəkil… Gördüm şəkildə şikil kimi bir oğlandı durub. Əli də cibində. Deməli, tam olaraq mənzərə belədir, bir əlində kitab tutub, o biri əlini də qoyub cibinə. Cib də ki, az qalır partlasın… Buradan məndə belə bir yəqinlik hasil oldu ki, yəni əgər oxumaq istəyirsənsə, vacibdir ki, əlin mütləq cibində ola… Necə deyərlər, “arifə bir işarə bəs eylər…” Mən də ki, arif adam. Çar-naçar qayıtdım geri, mən də ciblərimi hörüb təzədən gəldim məktəbə…(öldü var, döndü yoxdu – oxuyajam) Əlimi də qoymuşam cibimə – biliyim tökülməsin… Elə, içəri girmək istəyirdim ki, keçərətdəcə məni yekə qarın, yekə burun, başının ortası yox, burnunun altında güvə yemiş, sapsarı naftalin iyi verən cıqqılıca bığı, boynunda nazik, uzun qarnının üstünə Yer kürəsin ikiyə bölən yaşıl zolaq kimi aşırdığı xaltası olan bir “kişi” saxladı:

– A bala, hələ bir dur görək, belə qaranəfəs hara gedirsən, May da ha döyülü deyəm gilasın sezonudu – iyuldu deməli, hələm gilasın sezonuna da çox var… Görürəm, diribaş uşağa oxşuyursan, amma bir əması var. O gördüyün şikil çoxdan köhnəlib. Daha cib zəmanəsi döylü, bala… Vallahi də döylü, Billahi də… Tay cibişdan zəmanəsi çoxdan ötüb… İndi oxumaq istəyənin yedəyində gərək diplom atı olsun, diplom atı…

Matım-qutum qurudu qaldım belə… İndi məni dərd götürüb, mən yazıq, borc-xərc bu diplom atın aldım, bəs onun yükünü necə tutacam???

29.07.1991. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye